BAKI AĞ ŞƏHƏR HAQQINDA

Bu gün Bakının konturları, xüsusən, şəhərin dinamikliyinin rəmzinə çevrilmiş Qara Şəhər sənaye zonasının bərpası sayəsində yeni siluetə malikdir. Bakı buxtasının mərkəzində yerləşən bu ərazinin yenidən qurulması istiqamətində aparılan işlər 2006-cı ildə möhtərəm Prezident İlham Əliyevin imzaladığı “2006-2010-cu illərdə Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar ətraflı fəaliyyət planı” əsasında başlanıb.

Böyük Britaniyanın məşhur qlobal tərtibat şirkəti olan Atkins şirkəti baş məsləhətçi qismində çıxış edərək layihənin baş planının hazırlanmasını öz üzərinə götürüb və fəaliyyət planını müəyyən edib. Yerli memarlardan və məsləhətçilərdən ibarət olan böyük layihəçi heyətə, həmçinin, Böyük Britaniyanın Foster & Partners (əfsanəvi Ser Norman Fosterin rəhbərlik etdiyi) şirkətin memarlıq və tərtibat mütəxəssisləri, eləcə də irimiqyaslı layihələrin işlənib hazırlanmasında ən yüksək nüfuza malik olan ABŞ-ın F+A Architects şirkətinin mütəxəssisləri də cəlb olunub.

Bu miqyasda və həcmdə layihənin həyata keçirilməsi üçün tələb olunan tədbirlər və peşəkarlıq səviyyəsi, eləcə də müasir şəhərsalma tərtibatının tətbiqi sayəsində Bakı Ağ Şəhərin sxemi dünyanın aparıcı şəhərsalma layihələri xəritəsində özünəməxsus mövqe tutur. Layihənin icrası davam etdikcə Ağ Şəhər Bakının əyani inkişafının təcəssümünə çevirir və onun regionda aparıcı şəhər statusunu bir daha təsdiqləyir.